Online ödəmə formu

Notarial xidmətlər və leqallaşdırma

notarial22

Atlant Translations MMC həm korporativ sənədlərin, həm də şəxsi sənədlərin tərcüməsi ilə məşğul olur. Bu sənədlər müştərinin müraciətinə əsasən aşağıda qeyd olunan təsdiq formalarından biri ilə təsdiqlənir:

– Notarial qaydada,
– Leqallaşdırılma yolu ilə,
– Apostil ilə,
– Konsulluq leqallaşması ilə;
– Şirkətin möhürü ilə.

– Sənədlərin notarial qaydada təsdiqi. Korporativ və ya şəxsi sənədlərin xarici dövlətlərdə istifadəsi üçün və ya hər hansı dövlət qurumuna təqdim edən zaman, sənədlərin tərcümələrinin notarial qaydada təsdiq olunması tələb edilir ki, bu xidmətlər də şirkətimiz tərəfindən həyata keçirilir.

Notarial xidmətlər dedikdə, Mərkəzimiz:

  •  sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü;
  •  sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü;
  •  tərcüməçinin imzasının düzgünlüyünü təsdiq edir.

İmzası bir çox Notariat kontorlarında tanınan hər dil üzrə bir neçə səlahiyyətli tərcüməçilər ilə əməkdaşlıq edirik ki, sənədlərin notarial təsdiqi zamanı bu, işimizi xeyli yüngülləşdirir.

– Sənədlərin leqallaşdırma ilə təsdiqi. Sənədin surətinin və ya tərcüməsinin leqallaşdırılması üçün ilk növbədə onun surəti və tərcüməsində tərcüməçinin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilir. Bu sənəddə notariusun imzasının həqiqiliyi və möhürün həmin notariat kontoruna məxsus olması Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənir. Bundan sonra sənəd Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində və ərazisində istifadə olunacaq dövlətin ölkəmizdəki konsulluq xidmətində leqallaşdırılır.

Bu üsulla leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.

– Sənədlərin apostil ilə təsdiqi. Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vermək yolu ilə həyata keçirilir. Apostil verilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Həmin iştirakçı dövlətlər barədə məlumatı Haaqa Konfransının rəsmi internet saytından əldə etmək olar.

Apostil sənədin istər əslinə, istərsə də onun notariat qaydasında təsdiq edilmiş surətinə və ya tərcüməsinə verilə bilər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən şəhadətnamənin (apostilin) verilməsi Qaydasının tələblərinə uyğun olaraq apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini (əgər sənədi vermiş orqanın möhürünün, ştampının və vəzifəli şəxslərinin imza nümunələri məlumdursa) təsdiq edir.

– Sənədlərin konsulluq leqallaşması ilə təsdiqi. Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşmənin iki növü mövcuddur: konsul leqallaşdırması və apostilin verilməsi.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təsdiq etdiyi Konsul leqallaşdırması haqqında Təlimatın 3-cü bəndinə əsasən konsul leqallaşdırması üzrə funksiyalar Azərbaycan Respublikasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi, xarici ölkələrdə Azərbaycan Respublikasının konsulluqları tərəfindən həyata keçirilir.

Sənədin əslininin konsul leqallaşdırılması üçün Xarici İşlər Nazirliyinə müraciət edilməlidir. Xarici dövlətin idarələrinə, təşkilatlarına, fiziki və

hüquqi şəxslərinə məxsus sənədlər və aktlar, yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublikasının idarə və təşkilatları tərəfindən baxılması üçün qəbul edilir. Konsulluq leqallaşması sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların Səfirliyin yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdir.

– Sənədlərin şirkətin möhürü ilə təsdiqi. Eyni zamanda, yuxarıda qeyd olunan təsdiq formaları tələb olumayan zaman, sənədlər tərcüməçinin imzası və Atlant Translations MMC-nin möhürü ilə təsdiq olunduqdan sonra müştəriyə təhvil verilir.

Flexisel - A responsive jQuery Carousel